Zaqatala rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qımır kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov qarışıq mallar mağazasına alış-veriş etmək üçün daxil olub. Onun ardınca mağazaya girən həmkəndlisi, 58 yaşlı Ələsgər Əhmədov üzərində olan bıçaqla Kamran Məhərrəmova arxadan, boyun nahiyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.
Hadisədən sonra Kamran Məhərrəmovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ələsgər Əhmədov saxlanılaraq istintaqa təqdim olunub.
İlkin məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Bildirilir ki, Kamran Məhərrəmovla Ələsgər Əhmədov arasında son bir ildən artıq müddətdə şəxsi münasibətlər zəminində tez-tez mübahisələr yaşanıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
