11-ci sinif şagirdləri arasında tədris dili fənni üzrə ən yüksək nəticələr Qubadlı, Ordubad, İsmayıllı rayonları, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının elmi-statistik təhlilində yer alıb.
Məlumata əsasən, tədris dili fənni üzrə ən yüksək orta nəticələr Qubadlı (65,79), Ordubad (65,25), Naxçıvan şəhəri (64,74), İsmayıllı (63,25) və Sumqayıt (63,04) şagirdlərinə məxsusdur.
Riyaziyyat fənnində isə liderlik Naxçıvan (40,39) və Sumqayıt (39,49) şəhərlərinə məxsusdur. Onları Culfa (38,88), Naftalan (38,52) və Qubadlı (38,47) rayonları izləyir.
Xarici dil fənni üzrə ən yüksək göstərici Naxçıvan şəhərində qeydə alınıb (53,24). Sonrakı yerlərdə Qubadlı (52,32), Bakı (52,24) və Sumqayıt (51,78) qərarlaşıb.
Statistikaya görə, tədris dili fənnində ən aşağı nəticələr Yevlax (44,78), Kürdəmir (44,61), Gədəbəy (44,24), Tərtər (41,64) və Daşkəsən (40,36) rayonlarında müşahidə olunub.
Riyaziyyat fənnində ən zəif nəticələr Ağcabədi (23,86), Tərtər (22,65), Daşkəsən (22,38) və Xocalı (18,87) rayonlarının şagirdlərinə aiddir.
Xarici dil fənni üzrə isə ən aşağı nəticələr Yardımlı (27,43), Ağsu (26,43), Cəlilabad (25,96) və Daşkəsən (25,09) rayonlarında qeydə alınıb.
9-cu siniflər üzrə nəticələrə gəldikdə, tədris dili fənnində ən yüksək göstəricilər Sumqayıt (59,68), Oğuz (58,86), Bakı (58,50), Şahbuz (56,93) və Mingəçevir (56,13) şagirdləri tərəfindən əldə olunub.
Riyaziyyat fənnində ən yaxşı nəticələr Culfa (48,67), Bakı (46,76), Şahbuz (45,74) və Abşeron (44,11) rayonlarında qeydə alınıb.
Xarici dil üzrə liderlər isə Sumqayıt (50,39), Naxçıvan (38,79) və Naftalan (37,56) şəhərləri olub.
9-cu siniflərdə tədris dili fənni üzrə ən aşağı nəticələr Kürdəmir (40,00), Cəlilabad (39,54) və Saatlı (38,83) rayonlarında qeydə alınıb.
Riyaziyyat fənnində ən zəif göstəricilər Ağcabədi (22,46), Cəlilabad (22,34) və Daşkəsən (22,24) rayonlarına aiddir.
Xarici dil üzrə ən aşağı nəticələr isə Saatlı (22,62), Yardımlı (24,84), Ağsu (24,34) və Cəlilabad (23,55) rayonlarında müşahidə olunub.
