Bakıətrafı qəsəbələrdə əmlak bazarı canlanır: Qiymət artımı gözlənilir
İLKİNxeber.az informasiya agentliyinin apardığı araşdırma göstərir ki, son aylarda Bakıətrafı qəsəbələrdə yerləşən fərdi yaşayış evləri və torpaq sahələrinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bu tendensiyanın əsas səbəblərindən biri kimi paytaxt ərazisində qəzalı binaların sökülməsi prosesini göstərirlər.
Araşdırmaya əsasən, şəhərin mərkəzi hissələrində həyata keçirilən söküntü işlərindən sonra bir çox vətəndaş daha geniş və əlverişli yaşayış imkanları təqdim edən qəsəbələrə üz tutmağa başlayıb. Bu isə həmin ərazilərdə əmlak bazarının aktivləşməsinə və qiymətlərin dəyişməsinə təsir edir.
Əmlak bazarı üzrə mütəxəssislərin fikrincə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ qəsəbələrində müəyyən qiymət sabitliyi müşahidə olunsa da, dövlət tərəfindən həyata keçirilən infrastruktur və abadlıq layihələri yaxın dövrdə əmlakın dəyərinin yüksəlməsinə səbəb olacaq.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, yay mövsümünün başlanması ilə bağ evlərinə marağın artması da bazara əlavə təsir göstərir. Bu səbəbdən sözügedən qəsəbələrdə ev və torpaq sahələrinin qiymətlərinin yaxın aylarda orta hesabla 10-15 faiz bahalaşacağı proqnozlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, mövsümi amillərin təsiri azaldıqdan sonra, payız aylarında bazarda qismən sabitləşmə baş verə və qiymətlərdə təxminən 5 faiz civarında geriləmə müşahidə oluna bilər.
