Bu gün cəmiyyətin böyük bir hissəsi musiqi dinləmir, səs-küy dinləyir. Düşüncə axtarmır, hazır qəliblər qəbul edir. Hisslərini zənginləşdirmək əvəzinə, onları uyuşduran vasitələrə üz tutur. Bunun səbəbi təkcə musiqinin və ya sənətin dəyişməsi deyil. Problem daha dərindir və insan psixologiyasının ən həssas nöqtələrinə qədər uzanır.
İnsan hansı qida ilə qidalanırsa, bədəni ona çevrilir. Hansı fikir və hansı məzmunla yaşayırsa, düşüncəsi də ona çevrilir. Gün ərzində saatlarla mənasız sözlərdən, bayağı ritmlərdən, süni qəhrəmanlardan və boş şöhrət nümayişlərindən təsirlənən insanın zamanla düşüncə dünyasının kasadlaşması təəccüblü deyil.
Psixoloqlar uzun illərdir deyirlər ki, insan beyni davamlı olaraq aldığı informasiyaya uyğun formalaşır. Təkrarlanan hər fikir, hər görüntü, hər səs şüuraltında iz buraxır. Əgər bir cəmiyyətin gündəlik həyatında dərinlik daşıyan kitablar, keyfiyyətli sənət nümunələri, mənəvi dəyərlər və intellektual müzakirələr azalırsa, onların yerini mütləq daha sadə və daha səthi məzmunlar tutur.
Məhz buna görə də bu gün bəzi insanlar düşünməkdən yorulur, amma əylənməkdən yorulmurlar. Çünki düşünmək zəhmət tələb edir. Oxumaq, araşdırmaq, müqayisə etmək və nəticə çıxarmaq insanı daxildən inkişaf etdirir. Bayağılıq isə asan qəbul olunur. O, insandan heç nə tələb etmir. Nə sual verir, nə də cavab axtarır.
Ən təhlükəli məqam isə budur ki, zaman keçdikcə insan bayağılığı normal qəbul etməyə başlayır. Bir müddət sonra keyfiyyətli sənət ona ağır, ciddi fikir ona darıxdırıcı görünür. Çünki düşüncə əzələləri işləmədikcə zəifləyir. Necə ki, hərəkətsiz qalan bədən gücünü itirir, istifadə olunmayan təfəkkür də dərinliyini itirir.
Bu gün cəmiyyətin qarşısında duran əsas suallardan biri budur. Biz övladlarımıza nə miras qoyuruq? Onlara düşünən beyin, sorğulayan ağıl, zəngin mənəviyyat təqdim edirik, yoxsa yalnız istehlak etməyi öyrədirik?
Musiqi sadəcə musiqi deyil. Film sadəcə film deyil. Sosial şəbəkədə izlədiyimiz məzmun sadəcə əyləncə deyil. Bunların hər biri insanın xarakterinin, düşüncə tərzinin və dünyagörüşünün formalaşmasında iştirak edir.
Cəmiyyət yalnız iqtisadi göstəricilərlə inkişaf etmir. Həqiqi inkişaf insanın daxili aləminin zənginləşməsi ilə başlayır. Düşünən insanların sayı artdıqca cəmiyyət güclənir. Səthi düşüncənin hakim olduğu yerdə isə səs çox olur, amma fikir az olur.
Bu gün bəlkə də ən böyük ehtiyacımız daha çox danışmaq deyil, daha çox düşünməkdir.
İlkin Şakiroğlu
