Alqışın ünvanı dəyişəndə…
Son günlər tiktoker Arzum kimi tanınan İlduzə Hacıyevanın həbsdən çıxaraq ev dustaqlığına buraxılmasından sonra yaşanan mənzərə cəmiyyətdə ciddi suallar doğurdu. Həbsxana qarşısında təşkil olunan qarşılanma, alqışlar, çəkilən videolar və yaradılan ab-hava sanki böyük bir qəhrəmanın qayıdışını xatırladırdı.
Halbuki söhbət ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə cinayət işində adı keçən və barəsində məhkəmənin qətimkan tədbirini dəyişdiyi bir şəxsdən gedir. Məhkəmə prosesinin hüquqi tərəfi məhkəmənin səlahiyyətidir. Ancaq cəmiyyətin bu hadisəyə verdiyi reaksiya artıq hər birimizin məsuliyyətidir.
İlduzə Hacıyevanın həbsdən çıxmasını sosial şəbəkələr üçün şouya çevirmək, bunu sevinc nümayişinə çevirmək hansı dəyərlərin təbliğidir? Sabah bu görüntülərə baxan gənc nə düşünəcək? Məşhur olmaq üçün zəhmət çəkməyə, elm öyrənməyə, Vətənə xidmət etməyə ehtiyac yoxdur? Yetər ki, gündəmdə olasan?
Bu ölkədə Vətən uğrunda canından keçən şəhidlərimizin ailələri var. Sağlamlığını itirmiş qazilərimiz var. Gecəsini gündüzünə qataraq insanlara xidmət edən həkimlər, müəllimlər, xilasedicilər var. Onların çoxu belə təntənəli qarşılanmır. Amma sosial şəbəkələrdə tanınan bir şəxsin həbsdən çıxması bayram ab-havası ilə qeyd olunur.
Bu, artıq təkcə bir hadisə deyil. Bu, dəyərlər böhranının göstəricisidir.
Bloggerlər və tiktokerlər izləyici toplamaq naminə cəmiyyətə hansı mesajı verdiklərini düşünməlidirlər. Çünki onları izləyən yüz minlərlə gənc gördüyünü normal qəbul edir. Bu gün alqışlanan yanlış davranış sabah təkrarlanmağa başlayanda artıq gec olacaq.
Cəmiyyət qəhrəmanını düzgün seçməlidir. Əks halda, sabah övladlarımızın örnək götürdüyü insanlar elm, zəhmət və vicdan sahibi deyil, qalmaqal hesabına məşhurlaşan şəxslər olacaq.
Millətin gələcəyini onun seçdiyi nümunələr müəyyən edir. Bu seçimi edərkən alqışın kimə ünvanlandığını unutmamalıyıq.
