Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, 2026–2027-ci illərdə Naxçıvanın inkişafı üçün ümumilikdə 258 milyon manat vəsait ayrılacaq.
Vəsait əsasən yol-nəqliyyat, enerji, təhsil və abadlıq layihələrinə yönəldiləcək. Belə ki, 70 milyon manat 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik avtomobil yollarının əsaslı təmirinə, 66 milyon manat isə Ordubad rayonunun Tivi kəndində tikilən 15,6 MVt gücündə Tivi Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə ayrılacaq.
Təhsil sahəsində Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat, 5 yeni məktəbəqədər təhsil müəssisəsinin inşasına isə 20 milyon manat nəzərdə tutulub.
Bundan əlavə, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində yaşayış binalarının təmiri, istilik sistemlərinin yenilənməsi və abadlıq işləri həyata keçiriləcək.
Sərəncam Naxçıvanın yaşıl enerji imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Günəş və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi muxtar respublikanın gələcəkdə enerji istehsal edən regiona çevrilməsi baxımından mühüm addım hesab olunur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, sərəncam Naxçıvanın sosial-iqtisadi inkişafına əlavə stimul verəcək və sakinlərin sosial təminatının gücləndirilməsinə xidmət edəcək.
Ümumilikdə, yeni maliyyə paketi Naxçıvanın nəqliyyat, enerji, təhsil və sosial infrastrukturunun yenilənməsinə, iqtisadi fəallığın artırılmasına və regionun uzunmüddətli inkişafına hesablanıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir.
