İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə bağlı aparılan istintaq çərçivəsində ölkədən qaçan şəxslərdən bəziləri xaricdə saxlanılaraq Azərbaycana gətirilib.
Məlumata görə, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanmasından sonra başlanan araşdırmalar zamanı Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir sıra əməkdaşları barəsində cinayət işi açılıb.
İstintaqdan yayınmaq məqsədilə ölkəni tərk edən gömrük xidməti mayorları Ənvər Tağıyev və Tahir Tahiri əvvəlcə İrana, daha sonra isə Ukraynaya gediblər. Onlar Ukraynada saxlanılaraq Azərbaycana gətiriliblər.
Bildirilir ki, adıçəkilən şəxslər 26 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə vəzifələrindən azad ediliblər.
Cinayət işi çərçivəsində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, eləcə də idarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.
Qeyd edək ki, həbs olunan Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsində çalışmış general leytenant Cəbrayıl Usubovun oğludur.
Ona qarşı qaçaqmalçılıq, aksiz markaları ilə bağlı qanun pozuntuları və vəzifə səlahiyyətlərindən sui istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
