İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanuna görə, qeyri-qida istehlak mallarının uyğunluq sənədi olmadan ölkəyə gətirilməsi qadağan olunur.
Belə ki, “Texniki tənzimləmə haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə cavab verməyən, yaxud uyğunluğu müəyyən edilmiş qaydada qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağan edilir.
Qeyd edək ki, bu dəyişiklik “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Məqsəd idxal olunan malların əvvəlcədən milli texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsi mexanizmini formalaşdırmaqdır.
Yeni qaydalara əsasən, ölkəyə gətirilən qeyri-qida məhsulları uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici uyğunluq sənədləri ilə müşayiət olunmalıdır.
Bu addım təhlükəli və keyfiyyətsiz məhsulların bazara daxil olmasının qarşısını almağa, əhalinin sağlamlığını və ətraf mühiti qorumağa, həmçinin yerli istehsalın və rəqabət mühitinin gücləndirilməsinə xidmət edəcək.
Eyni zamanda, sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü müəyyən edilib.
Qanun dərc olunduqdan 30 gün sonra qüvvəyə minəcək. Bununla bağlı dövlət başçısı tətbiq mexanizmlərini müəyyən edən müvafiq fərman da imzalayıb.
