Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin abidə kompleksini ziyarət edib, önünə əklil qoyublar.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, ziyarət zamanı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub. Daha sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət edilib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis Günü və 2025 və 2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə ulu öndər Heydər Əliyevin, həmçinin ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş və xidməti vəzifələri yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbrikləri və xoş arzuları şəxsi heyətə çatdırılıb. General-polkovnik Vilayət Eyvazov çıxışında Azərbaycan polisinin 108 illik şərəfli xidmət yolundan, formalaşan ənənələrdən, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafı və milli ruhlu kadrlarla gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili İşlər Nazirliyində müasir maddi texniki baza formalaşdırılıb, struktur islahatları aparılıb, şəxsi heyətin sosial müdafiəsi və peşə hazırlığı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, əməliyyat xidməti fəaliyyət vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulub.
Vətəndaş müraciətlərinə həssas yanaşma, qanunçuluğun qorunması, etik davranış qaydalarına ciddi riayət olunması və xidməti vəzifələrin dəqiq icrası kimi məsələlər xüsusi vurğulanıb. Cinayətkarlığa, o cümlədən transmilli cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin təmininə dair prioritet vəzifələr diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin sürətləndirilməsi üçün polis orqanları və Daxili Qoşunların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırıldığı, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə davam etdirildiyi qeyd olunub.
Cinayətlərin açılmasının effektivliyinin artırılması, profilaktik tədbirlərin gücləndirilməsi və vətəndaşlara xidmət funksiyalarının daha da təkmilləşdirilməsi əsas hədəflər kimi göstərilib. Xidmətdə göstərilən dəstəyə görə vətəndaşlara, veteranlara, dövlət qurumlarına, qeyri hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür edilib.
General-polkovnik Vilayət Eyvazov şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa sədaqətlə xidmət edəcək, qarşıya qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirəcək.
Sonda Polis Akademiyasının məzunlarına diplomlar təqdim olunub, təntənəli mərasim şəxsi heyətin rəsmi keçidi ilə yekunlaşıb.
