İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri adı ilə guya kompensasiya ödənilməsi, qeydiyyat aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanmasının zəruri olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
Məlumata görə, Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyi tərəfindən yayılan birgə açıqlamada qeyd olunub ki, bu tip xəbərlər tamamilə saxtadır və vətəndaşlar arasında çaşqınlıq yaratmağa xidmət edir.
Rəsmi qurumlar vətəndaşlara müraciət edərək belə hallara qarşı diqqətli olmağa çağırıb. Bildirilib ki, naməlum telefon nömrələri ilə əlaqə saxlanılmamalı, bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi məlumatları, SMS vasitəsilə göndərilən təsdiq kodları və digər şəxsi-maliyyə məlumatları heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Həmçinin bu kimi saxta çağırışlara əsasən hər hansı ödəniş etmək tövsiyə olunmur.
Hazırda qeyd olunan saxta məlumatlarla bağlı müvafiq araşdırmalar davam etdirilir.
