Məsciddə UFC izləyən din xadiminin görüntüləri müzakirə yaratdı
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə UFC turnirini izləməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İLKİNxeber.az informasiya agentliyi Qafqazinfoya istinadən xəbər verir ki, videoda din xadiminin UFC Bakı turnirinin əsas qarşılaşması olan Rafael Fiziyev və Manuel Torres döyüşünü izlədiyi, Azərbaycan təmsilçisinin qələbəsini isə sevinclə qarşıladığı görünür.
Görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bir qrup istifadəçi məsciddə idman yarışının izlənilməsini uyğun hesab etmədiyini bildirərkən, digərləri bunu normal qarşılayıb.
Məsələyə münasibət bildirən Hacı Surxay Məmmədli qeyd edib ki, baş verən hadisədə dinə və etik normalara zidd heç nə yoxdur. Onun sözlərinə görə, İslam yalnız ibadətlə məhdudlaşmır, eyni zamanda cəmiyyətlə həmrəylik və sağlam həyat tərzini təşviq edir. O bildirib ki, məscidlər tarixən insanların bir araya gəldiyi, müxtəlif ictimai məsələlərin müzakirə olunduğu məkanlar olub.
Din xadimi əlavə edib ki, Azərbaycan idmançılarının uğurlarını gənclərlə birlikdə izləmək və onların sevincini bölüşmək də milli həmrəyliyin təzahürüdür. O, cəmiyyəti hadisəyə zahiri deyil, mahiyyəti baxımından yanaşmağa çağırıb.
Qeyd edək ki, UFC-nin Bakıda keçirilən turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torresi məğlub edərək qələbə qazanıb.
