Qaradağ Rayon İcra Hakimiyyətində keçirilmiş antikorrupsiya əməliyyatı çərçivəsində cinayət məsuliyyətinə cəlb olunan daha üç vəzifəli şəxsin məhkəmə prosesi yekunlaşıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxslərlə bağlı hökm elan olunub.
Məhkəmə qarşısında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun baş məsləhətçisi İsa Şəmsəliyev və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli dayanıb. Onlardan yalnız Qafar Abdullayev məhkəmə dövründə həbsdə olub.
İş üzrə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər rayon icra hakimiyyətinin rəhbəri vəzifəsində çalışmış Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir göstərərək müxtəlif şəxslərin müraciətlərinin müsbət həllinə kömək ediblər.
Məlumata görə, müraciət edən şəxslər əsasən ev tikintisi üçün torpaq sahələrinə yerləşmə cizgisinin təsdiqlənməsinə çalışıblar. Bunun müqabilində 3 min, 5 min və 6 min manat məbləğində pul verildiyi, daha sonra isə icra başçısı tərəfindən təsdiqlənmiş sənədlərin təqdim olunduğu müəyyənləşdirilib.
Cinayət işinin materiallarında qanunsuz fəaliyyətlərdə əsas rolun Qafar Abdullayevə məxsus olduğu qeyd edilib. Məhkəmə araşdırması zamanı onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu və bir sıra məsələlərin həllinin məhz ona həvalə edildiyi də üzə çıxıb.
Təqsirləndirilən şəxslər isə ifadələrində icra başçısının qərarlarına qanunsuz təsir göstərdiklərini qəbul etməyiblər. Onlar yerləşmə cizgisinin yalnız icra başçısının möhürü ilə təsdiqlənə bildiyini və heç kimə qərarlara təsir etmək imkanlarının olduğunu bildirmədiklərini deyiblər.
Məhkəmə nəticəsində hər üç şəxs nüfuz alveri cinayətində təqsirli bilinib.
Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İsa Şəmsəliyev 10 min manat, Rəşad Nadirli isə 9 min 500 manat məbləğində cərimələnib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Əməliyyatdan sonra Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, daha əvvəl mediaya açıqlamasında sözügedən cinayət işi üzrə istintaqa cəlb edilmədiyini bildirib.
