Hərbi çağırışçılara vəd verərək 13 min manatdan çox pul aldığı bildirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Asim Babayev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama əsasən, Asim Babayev zərərçəkmiş şəxslərə həkim komissiyası vasitəsilə pensiya təminatı təşkil edəcəyini vəd edərək onlardan 13 min manatdan artıq pul alıb.
Zabitə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təkrar dələduzluq və 178.2.4-cü maddəsi ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamları irəli sürülüb.
