İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası təsdiq edilib və bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, hakimlərin, eləcə də məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin fəaliyyəti bir sıra məqsədlər üzrə qiymətləndiriləcək. Bu məqsədlərə ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin karyera yüksəlişində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və vəzifəyə uyğunluğunun qiymətləndirilməsi daxildir.
Yeni qaydalara görə, ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin fəaliyyəti həmin müddətin sonunda qiymətləndiriləcək. Digər hakimlər isə ən azı hər 5 ildən bir qiymətləndirmədən keçəcəklər. Məhkəmə sədrləri və digər inzibati vəzifə tutan şəxslərin fəaliyyəti isə onların səlahiyyət müddəti başa çatdıqda qiymətləndiriləcək.
Qiymətləndirmə prosesi bir neçə əsas meyar üzrə aparılacaq. Bunlara hakimlərin peşə bilik və bacarıqları, işgüzar və kommunikasiya qabiliyyətləri, həmçinin etik davranış və intizamlılıq səviyyəsi daxildir.
Eyni zamanda qeyd olunub ki, bəzi hallarda yuxarı instansiya məhkəməsi tərəfindən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi hakimin fəaliyyətinə mənfi qiymət verilməsi üçün əsas sayılmayacaq. Bu hallar sırasında qanunvericiliyin dəyişməsi, tərəflərin barışması, iddiadan imtina, yeni açılmış hallar və digər prosessual səbəblər yer alır.
Yeni metodologiyanın tətbiqi məhkəmə sistemində daha şəffaf və effektiv fəaliyyətin təmin edilməsinə xidmət edəcək.
