Payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Məlumata görə, payızın başlanması astronomiyada “payız bərabərliyi” adlandırılır. Bu vaxt Günəş göy ekvatorunu kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Nəticədə şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə yaz başlayır.
Payız bərabərliyi zamanı gecə və gündüzün müddəti bir-birinə yaxın olur. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsünə görə gündüzün uzunluğu tam 12 saat təşkil etmir və gecədən bir qədər uzun olur.
Astronomik payızın başlamasından sonra şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək. Fəsil dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Bundan sonra şimal yarımkürəsində astronomik qış, cənub yarımkürəsində isə astronomik yay başlayacaq.
