Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və tibbi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra irimiqyaslı dövlət tibb müəssisələrində əsaslı təmir, bərpa və yenidənqurma işləri planlı şəkildə həyata keçirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, müasir tibbi standartlara cavab verməsi üçün infrastrukturu yenilənən əsas tibb müəssisələri sırasında Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, Laçın Rayon Mərkəzi Xəstəxanası və Xətai Tibb Mərkəzi yer alır.
Məlumata görə, Respublika Klinik Xəstəxanasında binanın uzunmüddətli istismarı səbəbindən genişmiqyaslı yenidənqurma işləri aparılır və şöbələr mərhələli şəkildə köçürülür. Paytaxtın ən böyük tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə isə modernizasiya prosesi davam edir.
Nərimanov Tibb Mərkəzində infrastrukturun tamamilə yenilənməsi məqsədilə əsaslı təmir işləri aparılır. Regionlarda tibbi xidmətin əlçatanlığının artırılması üçün Laçın Rayon Mərkəzi Xəstəxanası yenidən qurulan müəssisələr sırasındadır. Eyni zamanda, Xətai Tibb Mərkəzində də pasiyentlərin rahatlığının təmin olunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təmir işləri davam etdirilir.
Qeyd olunur ki, təmir prosesi zamanı müalicə xidmətlərinin fasiləsizliyini təmin etmək üçün şöbələr mərhələli şəkildə digər korpuslara və ya alternativ tibb müəssisələrinə köçürülür.
Bundan əlavə, aparılan yenidənqurma işləri çərçivəsində reanimasiya, əməliyyatxana və qəbul şöbələri beynəlxalq tibbi protokollara uyğunlaşdırılır. Xəstəxanalarda havalandırma və istilik sistemləri, eləcə də tibbi qaz xətləri tamamilə yenidən qurularaq müasir tələblərə uyğunlaşdırılır.
Görülən tədbirlərin əsas məqsədi ölkədə tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların müasir və əlçatan səhiyyə xidmətlərindən istifadə imkanlarını genişləndirməkdir.
