ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin bütün məsələlərdə güzəştə getməyə hazır olduğunu bəyan edib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ Senatında İrana qarşı hərbi əməliyyatların dayandırılmasına dair qətnamənin müzakirəsinə münasibət bildirən Tramp qeyd edib ki, hazırda Tehran administrasiyası çətin vəziyyətdədir və Vaşinqtonla anlaşma əldə etmək üçün müxtəlif güzəştlərə hazır görünür.
ABŞ lideri bildirib ki, bəzi senatorların təşəbbüsü ilə gündəmə gətirilən qətnamə yanlış zamanda irəli sürülüb və bu addım ABŞ-ın İran siyasətinə mənfi təsir göstərə bilər.
Tramp paylaşımında vurğulayıb ki, sözügedən qərar dünyanın terrorizmi dəstəkləyən əsas dövlətlərindən biri hesab olunan İrana ABŞ daxilində fikir ayrılıqlarının mövcudluğu barədə mesaj verir.
O, həmçinin qətnaməni dəstəkləyən respublikaçı senatorları tənqid edərək, onların bu mövqeyinin həyata keçirdiyi siyasəti çətinləşdirdiyini bildirib.
“Onlar işimi daha da çətinləşdiriblər. Buna baxmayaraq, qarşıya qoyduğum məqsədləri yerinə yetirəcəyəm. Çünki başladığım işi həmişə sona çatdırıram”, deyə ABŞ Prezidenti əlavə edib.
